Həkimə verilən suallar
Yoğun bağırsaq xərçəngi
Yoğun bağırsağın bir hissəsi götürüləndən sonra nəcis düzəlmir, ishal davam edir. Bu nə vaxt keçir və nə etmək lazımdır?
Bu, yoğun bağırsağın hansı hissəsinin götürülməsindən və hansı hissəsinin qalmasından asılıdır. Belə əməliyyatlardan sonra ishalın olması və defekasiyanın nizamsız olması normal qəbul edilir. Adətən bu, bir neçə həftə davam edə bilər.
Əgər bu müddət daha da uzanarsa, bağırsağın qalan hissəsi yoxlanılmalıdır. Həkim müayinəsi mütləqdir.
Bu suala keçidTəcili bağırsaq əməliyyatından sonra profilaktik kimyaterapiya lazımdırmı?
Bəli, əgər təcili bağırsaq əməliyyatı bağırsaq şişinə görə icra olunubsa, xəstənin vəziyyəti düzəldikdən sonra kimyaterapevtlə görüşülməli və kimyaterapiyanın planı müzakirə olunmalıdır.
Bu suala keçidBağırsaq xərçəngi əməliyyatını robotla və laparoskopik üsulla etmək arasında fərq nədir?
Robotik və laparoskopik üsulların hər ikisi minimal invaziv üsuldur və yoğun bağırsaq xərçəngində bunların xəstə üçün çox fərqi yoxdur. Amma robotik dəstək əməliyyatı icra edən cərraha müəyyən rahatlıq yaradır.
Xəstə üçün aparılan kəsik və icra olunan əməliyyatın həcmi baxımından laparoskopik və robotik üsul arasında heç bir fərq yoxdur.
Bu suala keçidBağırsaq xərçəngi əməliyyatından sonra neçə müddət işə getməmək lazımdır?
Əgər bağırsaq xərçəngi əməliyyatı laparoskopik üsulla icra olunubsa, laparoskopik üsulun üstünlüklərindən biri normal həyata qısa zamanda qayıtmağa imkan verməsidir. Xəstələr 2-3 həftə sonra normal həyatlarına qayıda bilirlər. Eyni şəkildə, iş ağır fiziki işlə bağlı deyilsə, qısa müddətdə işə başlamaq mümkündür.
Əksər hallarda laparoskopik yoğun bağırsaq xərçəngi əməliyyatından sonra 5-7 gün xəstəxanada müşahidəyə ehtiyac olur. Bu müddətdən sonra xəstə normal həyatına və normal qidalanmasına qayıda bilir.
Bu suala keçidBağırsaq əməliyyatından sonra təyyarə ilə nə vaxt uçmaq olar?
Uçuş təzyiq fərqi ilə müşayiət olunduğu üçün bağırsaq əməliyyatından sonra ən azı 2-3 həftə keçməsi mütləqdir. Əgər əməliyyatda hər hansı ağırlaşma və problem yaranmayıbsa, təhlükəsiz uçuş üçün əməliyyatdan sonra 2-3 həftə gözləmək məqsədəuyğundur.
Bu suala keçidBağırsaq əməliyyatından sonra necə qidalanmaq lazımdır, probiotik içmək faydalıdırmı?
Bağırsaq əməliyyatlarından sonra qısa müddətə əməliyyatla bağlı pəhriz təyin olunur. Bu müddət təxminən 2 həftədir. Daha sonra xəstə normal qidalanma tərzinə qayıda bilir.
Bağırsaq florasını qorumaq və bərpa etmək üçün xüsusi dərman preparatlarının, o cümlədən probiotiklərin qəbulu mütləq deyil. Lakin floranı qorumaq və bərpa etmək üçün müəyyən qida məhsullarına, o cümlədən qatıq və digər turşsüd məhsullarına, həmçinin bitki tərkibli qidalara üstünlük vermək doğru hesab olunur.
Bu suala keçidDüz bağırsaq xərçəngi və stoma
Düz bağırsaq şişi anusa yaxındırsa (məsələn, 8 sm), hansı əməliyyat növləri mümkündür?
Əgər düz bağırsaqda aşkar olunan törəmə anusda yerləşən sfinkter aparatını zədələməyibsə, stoma çıxarmadan düz bağırsağı şişlə birlikdə xaric etmək mümkündür. O cümlədən 8-ci santimetrdə yerləşən şiş üçün stomaya ehtiyac yoxdur.
Bu hallarda laparoskopik, robotik və ya transanal TaTME adlandırılan müasir üsullarla şişi tam radikal götürmək və stoma çıxarmamaq mümkündür.
Bu suala keçidDüz bağırsaq əməliyyatından sonra kimyaterapiya alarkən nəyi yemək olmaz?
Düz bağırsaq əməliyyatından sonra kimyaterapiya alınan müddətdə tətbiq olunan pəhriz xəstənin əməliyyatdan sonrakı vəziyyətindən və bağırsağın əməliyyatdan sonrakı funksiyasından asılıdır. Düz bağırsaq əməliyyatlarından sonra ishal və defekasiya funksiyasının pozulması tez-tez görülür, kimyaterapiya da bu şikayətləri artıra bilər.
Bu səbəbdən qıcıqlandırıcı ədviyyatdan uzaq durmaq məsləhət görülür. Eyni zamanda şəkər və karbohidrat tərkibli qidalardan uzaq durmaq lazımdır. Daha çox zülala və tez həzm olunan yeməklərə üstünlük verilir.
Bu suala keçidŞüa müalicəsindən sonra şiş görünmürsə, yenə də əməliyyat lazımdırmı, yoxsa nəzarət kifayətdir?
Düz bağırsaq xərçənglərində müəyyən yerləşim və mərhələdə əməliyyatdan öncə şüa müalicəsi və kimyaterapiya tətbiq olunur. Bu müalicədən sonra bəzi hallarda, təxminən 20-25% hallarda, şiş tamamilə itə bilir. Bu hallarda ən müasir yanaşma xəstəni əməliyyat etmədən izləmək, nəzarətdə saxlamaqdır.
Lakin bu qərarı vermək üçün çox ciddi və dərinləşdirilmiş müayinələrə ehtiyac var. Bu qərar tək bir həkim tərəfindən deyil, multidissiplinar, yəni bir neçə müxtəlif ixtisaslı həkimin ortaq qərarı ilə verilir. Belə yanaşma dünyada ən müasir protokoldur. Bu seçilmiş xəstələri əməliyyat etmədən nəzarətdə saxlamaq mümkündür.
Bu suala keçidİleostoma varkən anusdan az miqdarda nəcis gəlməsi normaldırmı?
Bəli, ileostoma çıxarılan xəstələrdə təbii yoldan, yəni anusdan vaxtaşırı müəyyən ifrazatın gəlməsi normal qəbul edilir. İleostoma olan xəstələrdə nəcis yoğun bağırsaqdan keçməsə də, yoğun bağırsağın özünün ifraz etdiyi selik və qalıq ifrazat xaric ola bilir. Bu, normal haldır.
Bu suala keçidStomanın ətrafında dəri qızarıb, iltihablanıb. Nə etmək lazımdır?
Stomanın ətrafında dərinin az miqdarda qızarması və iltihablanması tez-tez görülən problemdir. Lakin qızaran sahə genişlənir və artırsa, mütləq həkimə müraciət olunmalı və tədbir görülməlidir. Bu hallarda xəstənin problemi müstəqil həll etməsi çətin olar.
Bu suala keçidİleostoma bağlanandan sonra bağırsağın işi necə bərpa olunur?
İlk növbədə ileostomanın bağlanması, yəni ləğv olunması əməliyyatından əvvəl yoğun bağırsaq mütləq yoxlanılmalıdır. Bu əməliyyatdan sonra bağırsaq funksiyasının bərpası ileostoma ilə keçirilən müddətdən asılıdır. Bu müddət nə qədər qısa olarsa, yoğun bağırsağın funksiyası bir o qədər qısa müddətdə bərpa olunar.
Bu əməliyyatdan sonra bir müddət xəstələrdə ishal və natamam defekasiya hissi ola bilir. Bunun bərpası yoğun bağırsağın hansı hissəsinin xaric olunmasından asılıdır.
Bu suala keçidKolostomanı sonradan bağlamaq olurmu, bu əməliyyat necə keçir?
Kolostomanın bağlanıb-bağlanmaması kolostomanın çıxarılma səbəbindən asılıdır. Əgər anus və sfinkter aparatı qorunubsa və düz bağırsağın bir hissəsi mövcuddursa, texniki olaraq kolostomanın ləğvi mümkündür. Bu əməliyyatların da laparoskopik, minimal invaziv üsulla icra olunması mümkündür.
Bu suala keçidKolonoskopiyada düz bağırsağın 7-8 sm-də içini demək olar tam bağlayan yaralı kütlə görünüb. Biopsiya nəticəsi tam xoş çıxa bilərmi?
Düz bağırsağı dolduran bu ölçüdə yaranın xoşxassəli çıxma ehtimalı olsa da, bu ehtimal çox azdır. Bundan əlavə, endoskopik yolla alınan biopsiyanın cavabı xoşxassəli çıxsa belə, bu, törəmənin xoşxassəli olduğunu 100% təsdiq etmir.
Törəmə xoşxassəli olsa belə, onun əməliyyat yolu ilə çıxarılması mütləqdir. Onun xoşxassəli və ya bədxassəli olduğunu dəqiqləşdirmək üçün əlavə müayinələr təyin olunmalıdır.
Bu suala keçidAtama təcili əməliyyat edilib, əməliyyat yarımçıq saxlanılıb və bağırsaq torbaya çıxarılıb. Bu normal prosesdir, əməliyyatın qalanı nə vaxt edilir?
Bu, diaqnozdan, yəni törəmənin xoşxassəli və ya bədxassəli olmasından asılıdır. Əgər belə hal bağırsağın bədxassəli törəməsinə görə baş veribsə, ikinci əməliyyat xəstəliyin mərhələsindən asılı olaraq planlaşdırılmalıdır. Əksər hallarda törəmə kimyaterapiya və ya şüa terapiyasından sonra əməliyyatla çıxarılmalıdır.
Bu suala keçid80 yaşlı xəstəyə 6 ay kimyaterapiyadan sonra ileostomanın bağlanması lazımdır. Bu yaşda bu əməliyyat riskli deyilmi?
İleostomanın bağlanması yüksək riskli əməliyyat hesab olunmur. Əksinə, 80 yaşlı xəstənin ileostoma ilə yaşaması daha risklidir. İleostoma həyat üçün təhlükə yarada biləcək ağırlaşmalara səbəb ola bilər.
Bu suala keçidKolostoma bağlandıqdan sonra nəcisi saxlamaqda çətinlik olur. Bu yaxşılaşırmı?
Belə hallar adətən düz bağırsaq şişinə görə düz bağırsağın çıxarılmasından sonra baş verir. Kolostoma bağlandıqdan sonra düz bağırsağın defekasiya funksiyası pozula bilər, o cümlədən nəcisi saxlamaqda çətinlik ola bilər.
Bu şikayətlər zamanla yaxşılaşır. Bununla belə, defekasiya funksiyasının pozulması bu xəstələr üçün xarakterik əlamətdir.
Bu suala keçidKolostoma ilə qəbizlik olursa, səbəbi nə ola bilər və nə etmək lazımdır?
Kolostoması olan xəstədə qəbizlik baş verirsə, bunun səbəbi ya kolostomadakı daralma, ya da xəstənin qidalanmasındakı səhvlər ola bilər. Cərrah müayinəsində kolostomanın normal olduğu təsdiqlənərsə, qəbizliyi pəhrizlə aradan qaldırmaq olar.
Bu suala keçidDüz bağırsaq xərçənginə görə kimyaterapiya alan atamın qan göstəriciləri düşdü (nötropeniya) və əməliyyat gecikir. Əməliyyatı nə qədər təxirə salmaq olar?
Düz bağırsaq xərçənginə görə əməliyyatdan əvvəl aparılan kimyaterapiya və şüa terapiyasından sonra əməliyyat üçün müddət həddi 8-10 həftədir, bəzi hallarda bu müddət 12 həftəyə qədər uzadıla bilər. Bu müddət ərzində xəstənin qan göstəricilərini dərmanlarla düzəltmək mümkündür.
Bu suala keçidDüz bağırsaq xərçənginə görə şüa müalicəsi alınıb. Əməliyyat şüadan neçə həftə sonra edilir?
Düz bağırsaq xərçənginə görə əməliyyatdan əvvəl aparılan şüa müalicəsindən sonra xəstə 6 həftə sonra təkrar dəyərləndirilməlidir. Əməliyyata ehtiyac qalırsa, əməliyyat 8 ilə 10 həftə arasında planlaşdırılmalıdır.
Bu suala keçidİleostoma bağlandıqdan sonra iki dəfə bağırsaq tıxanması ilə xəstəxanaya düşmüşəm. Bu təkrarlana bilərmi?
Qarın əməliyyatlarından, o cümlədən ileostomanın bağlanmasından sonra bitişmələrə bağlı bağırsaq keçməzliyi halları görülə bilər. Belə hallar əməliyyatsız, dərman müalicəsi ilə aradan qalxır, lakin təkrarlanma riski var. Əgər qısa müddətdə bir neçə dəfə təkrarlanarsa, bitişmələrə görə cərrahi müdaxiləyə göstəriş yarana bilər.
Bu suala keçidTualetə getmək istəyirəm, amma çətin edirəm, tam boşalmamaq hissi var və bir dəfə anusdan selik çıxdı. Bu düz bağırsaq xərçəngi əlaməti ola bilərmi, hansı müayinə lazımdır?
Belə şikayətlər yoğun bağırsağın, düz bağırsağın və çanaq dibi aparatının xəstəliklərinin əlaməti ola bilər. Eyni zamanda təhlükəli, bədxassəli xəstəliklərin də əlaməti ola bilər.
Buna görə defekasiya pozğunluğu əlamətləri olan xəstələr mütləq kolonoskopik müayinədən keçməli və heç bir təhlükəli halın olmadığı təsdiqlənməlidir.
Bu suala keçidKolonoskopiya və poliplər
Kolonoskopiyada polip (dişli adenoma) tapılıb. Onu çıxarmaq üçün nə qədər gözləmək olar?
Kolonoskopiyada aşkar olunan bütün poliplər istisnasız çıxarılmalıdır. Kolonoskopiyanın məqsədi polipləri aşkar edib çıxarmaqdır. Xüsusilə dişli adenomalar poliplər arasında riskli hesab olunur. Bu səbəbdən belə polipin zaman itirmədən xaric edilməsi mütləqdir.
Bu suala keçidPoliplər götürüləndən sonra növbəti kolonoskopiyanı nə vaxt etmək lazımdır?
Kolonoskopiya zamanı polip qaydasına uyğun xaric edilibsə, təkrar kontrol kolonoskopiyanın müddəti çıxarılan polipin histoloji analizinin nəticəsinə görə müəyyən olunur.
Əgər polip riskli olubsa, sayı çox olubsa, bu müddət daha qısa olur, 6 ay və 1 il. Əgər çıxarılan polip tək, özü də kiçikdirsə və təhlükəsiz histoloji tipə aiddirsə, təkrar kontrol kolonoskopiya 2 ildən sonra da ola bilər.
Bu suala keçidKolonoskopiya ağrılıdırmı, onu narkoz altında etmək olarmı?
Kolonoskopiya əksər mərkəzlərdə sedasiya altında aparılır. Bu, tam mənada narkoz deyil, qısamüddətli yatızdırma prosedurudur. Sedasiya təhlükəsiz və heç bir iz qoymayan prosedurdur. O, kolonoskopiya zamanı xəstənin yaşayacağı diskomfortu tam aradan qaldırır.
Bu suala keçidDüz bağırsaqdan 3-4 mm ölçüdə tək polip götürüləndən sonra ailədə xərçəng yoxdursa, narahat olmaq lazımdırmı?
Kiçik ölçülü polip götürülübsə, narahat olmağa əsas yoxdur. Nəzarət üçün adi qaydada 5 ildən bir kolonoskopik kontrol kifayətdir. Belə xəstə heç bir əlavə risk daşımır.
Bu suala keçidKolonoskopiyada polip götürüldü, cavab xoş çıxdı. İki həftədir anusda yumşaq, bənövşəyi şişlik və zonklama var, bu nədir?
Belə şikayətlər, çox güman ki, poliplə əlaqəli deyil və anus nahiyəsində başqa bir problemin olduğunu göstərir. Buna həkim müayinəsində qərar verilir, sonra əməliyyat və ya müayinə planlanır.
Bu suala keçidKolonoskopiyada polip götürüldükdən sonra bağırsaq yırtıla bilərmi, əlamətləri hansılardır və neçə gün sonra bilinir?
Kolonoskopik üsulla polip çıxarıldıqdan sonra bağırsağın dəlinməsi, yəni perforasiya baş verə bilər. Bu, nadir görülən ağırlaşmadır, amma həyat üçün təhlükəlidir.
Onun əlamətləri prosedurdan dərhal sonra və ya bir gün sonra özünü göstərməlidir. Bu ağırlaşma qarın ağrısı və köp (qarnın şişməsi) ilə özünü göstərə bilər. Belə hallarda təcili olaraq cərrah və qastroenteroloq müayinəsi mütləqdir.
Bu suala keçidMədə xərçəngi
Mədə xərçəngi tapılıbsa, müalicəsi mümkündürmü?
Xəstəyə mədə xərçəngi diaqnozu qoyulubsa, bunun müalicəsi mümkündür. Lakin müalicə hər zaman uğurlu olmaya bilər. Müalicənin uğurlu olması xəstəliyin mərhələsindən, yerləşimindən (mədənin hansı hissəsində yerləşdiyindən və mədə divarında nə qədər dərinə yayıldığından) və aqressivliyindən asılıdır.
Mədə xərçənginin müalicəsində əsas silahlar cərrahi müalicə, kimyaterapiya və bəzi hallarda şüa müalicəsidir.
Bu suala keçidMədə götürüləndən sonra ağrılar niyə olur, hansı ağrı təhlükəlidir?
Mədənin onkoloji xəstəliyə görə götürülməsindən, yəni total qastrektomiya adlandırdığımız əməliyyatdan sonra, əgər əməliyyat laparoskopik icra olunubsa, ağrılar çox qısa müddət davam edir və şiddətli olmur. Normal qidalanmaya və normal həyat tərzinə qayıdış da qısa zamanda, təxminən 2-3 həftə ərzində başlayır. Xəstə açıq əməliyyat keçiribsə, bu müddət daha uzun ola bilər.
Amma ağrılar 3-4 həftədən artıq davam edirsə və şiddətlənirsə, bunun səbəbi araşdırılmalıdır. Bu barədə mütləq əməliyyat edən həkimlə görüşüb müzakirə etmək lazımdır.
Bu suala keçidMədə tam götürülübsə, sonra endoskopiya və helikobakter testi lazımdırmı?
Mədə tam götürülübsə, xəstənin diaqnozuna, mərhələsinə və müalicə planına uyğun olaraq müntəzəm endoskopik kontrol müayinə proqramı mütləq olmalıdır. Endoskopik müayinə, yəni qastroskopiya zamanı ehtiyac olan hallarda biopsiya götürülə bilər. Lakin helikobakter testinə ehtiyac yoxdur.
Bu suala keçidMədə tam götürüləndən sonra yeməyi necə təşkil etmək lazımdır?
Mədə tam götürüləndən sonra xəstələrə 2-3 həftə ərzində pəhriz tətbiq olunur. Bu pəhrizin əsası yumşaq və sulu qidalardır, porsiyanın miqdarı azaldılır, yemək sayı isə artırılır, gündə 4-5 dəfə.
Lakin zamanla bu xəstələr normala yaxın qida rasionuna keçə bilirlər. Əməliyyat olunmamış insanlardan fərqli olaraq, onlara bir öynədə tam bir porsiya və ya ondan artıq yemək tövsiyə olunmur.
Bu suala keçidMədənin dörddə üçü götürüləndən 15 il sonra qusma başlayıb, endoskopiyada kardiyada lezyon var. Təkrar əməliyyat lazım ola bilərmi?
Əməliyyatdan neçə il keçməsindən asılı olmayaraq, endoskopik müayinədə mədədə belə bir problem təsdiqlənibsə, bu, əməliyyata göstərişdir. Bu halda tamamlayıcı qastrektomiya, yəni mədənin qalan hissəsinin çıxarılması lazımdır. Bu əməliyyat laparoskopik üsulla edilə bilər.
Bu suala keçidMədə ətrafında 7 mm limfa düyünü tapılıb. Bu həmişə xərçəng deməkdir?
Sağlam mədənin ətrafında 7 mm-lik limfa düyünü mütləq xərçəng əlaməti deyil, əksər hallarda bu, normal haldır. Buna əmin olmaq üçün xəstə mütləq qastroskopiya, kolonoskopiya və kompyuter tomoqrafiyası müayinəsindən keçməlidir.
Bu suala keçid4-cü mərhələ mədə xərçəngində əməliyyat zamanı metastaz görülüb və əməliyyat edilməyib. Kimyaterapiyadan sonra şiş kiçilibsə, yenidən əməliyyat mümkündürmü?
4-cü mərhələ mədə xərçəngində əməliyyat qərarı birmənalı deyil. Bu qərar mütləq konsiliumda, müxtəlif ixtisas həkimlərinin birgə müzakirəsi ilə qəbul olunur və bir çox amil, o cümlədən kimyaterapiyanın təsiri nəzərə alınır. Kimyaterapiya müsbət təsir göstəribsə, xəstə əməliyyat şansı qazana bilər.
Bu suala keçidMədə götürüləndən 1 il sonra qarında 1,7 sm ölçüdə üç düyün tapılıb. Bu xəstəliyin qayıtması deməkdir, nə etmək olar?
Mədə xərçəngi əməliyyatından sonra müntəzəm kontrol müayinələri xəstəliyin təkrarlanmasını aşkar etmək üçün aparılır. Bu müayinələrdə 1 sm-dən böyük limfa düyünü aşkar olunubsa, bu, xəstəliyin qayıtmasından, yəni təkrarlanmasından xəbər verə bilər.
Bunu təsdiq etmək üçün əlavə müayinələr təyin olunmalıdır, o cümlədən PET müayinəsi və ultrasəs vasitəsilə biopsiya.
Bu suala keçidPET-də mədədə aktiv kütlə və metastaz istisna edilməyən bir neçə limfa düyünü görünüb. Bu əməliyyata mane olurmu?
Mədə xərçəngi diaqnozu olan xəstədə PET müayinəsində heç bir uzaq orqan metastazı aşkar olunmayıbsa, xəstə əməliyyat oluna bilər. Əməliyyat zamanı mədənin ətrafındakı limfa düyünləri də çıxarılır.
Bu suala keçidBiopsiyada şiş mədənin yuxarı hissəsində, qida borusu ilə birləşmədə çıxıb. Belə yerləşmədə mədənin hamısı götürülürmü?
Qida borusu ilə mədənin birləşdiyi hissənin bədxassəli yenitörəmələri ayrıca bir qrup təşkil edir. Onların müalicəsinin öz xüsusiyyətləri var. Şişin mərkəzinin yerləşdiyi yerdən və ölçüsündən asılı olaraq əməliyyatın həcminə qərar verilir.
Son illər müasir minimal invaziv yanaşma ilə bu əməliyyatlar mədənin bir hissəsini qorumaqla icra oluna bilir.
Bu suala keçidHelikobakter müalicəsindən sonra gastrit və xora keçmir. Mədə xorası xərçəngə çevrilə bilərmi?
Mədə xorasının ağırlaşmalarından biri də onun xərçəngə çevrilməsi, yəni malignizasiyadır. Bu, biopsiya ilə təsdiqlənir.
Mədə xorasına görə əməliyyat göstərişlərindən biri də xoranın dərman müalicəsinə tabe olmamasıdır. Xora bədxassəli xəstəliyə çevrilməsə belə, müalicəyə tabe olmursa, bu, əməliyyata göstərişdir.
Bu suala keçidƏvvəlki endoskopiyada mədədə atrofiya və bağırsaq metaplaziyası vardı, bu ilki nəticədə çıxmadı. Bu risk keçdi deməkdir, yoxsa izləməyə davam etməliyəm?
Belə xəstədə yaxından izləmə mütləq davam etdirilməlidir. Endoskopiya və biopsiyanın nəticələri bu müayinələri aparan mütəxəssislərin baxışına görə dəyişə bilər. Buna görə də belə xəstələr ən azı ildə bir dəfə endoskopiya və biopsiyadan keçməlidir.
Bu suala keçidƏməliyyat olunmayan mədə xərçənginə görə kimyaterapiya alıram, ürək bulanması və yorğunluq var. Bu nədən olur, keçəcəkmi?
Kimyaterapiyanın özü və mədə xərçənginin yaratdığı fəsadlar belə şikayətlərə səbəb ola bilər. Bu şikayətlər adətən müalicə başa çatdıqdan sonra tədricən azalır.
Bu suala keçidMədə götürüləndən sonra çəki necə qaytarmaq olar? Anam bir ayda 5 kq itirib.
Mədə tam çıxarıldıqdan sonra bu xəstələrdə ən çox rast gəlinən problem çəki itkisi və yenidən çəki almağın çətin olmasıdır. Bunu zamanla və müxtəlif qida əlavələrinin köməyi ilə qismən aradan qaldırmaq mümkündür.
Bu suala keçidMədə götürülərkən dalaq da çıxarılırsa, bunun gələcəkdə nəticəsi olurmu?
Mədə xərçənginə görə standart əməliyyatın həcminə dalağın çıxarılması daxil deyil. Əgər buna zərurət yaranıbsa və xəstənin dalağı da çıxarılıbsa, xəstə mütləq infeksionistlə görüşməli və əməliyyatdan sonrakı dövrdə xüsusi peyvəndləmədən keçməlidir.
Bu suala keçidMədə əməliyyatından bir il sonra həzm pozulub və bağırsaqda ağrılar başlayıb. Hansı müayinə lazımdır?
Mədə əməliyyatından sonra xəstələr üçün standart kontrol müayinə proqramı var. Bu proqramda endoskopik müayinə və kompyuter tomoqrafiyası standartdır. Ehtiyac olarsa, xəstələrə digər müayinələr, PET-KT və xüsusi qan analizləri edilməlidir.
Bu suala keçidQida borusu
Qida borusunda Barrett dəyişikliyi tapılıb. Bu nə deməkdir və nəyi izləmək lazımdır?
Qida borusunun Barrett dəyişikliyi Barrett ezofagusu adlanır. Bu, reflüks xəstəliyinin nəticəsidir. Reflüksün xroniki olduğu, uzun müddət davam etdiyi hallarda belə dəyişiklik mümkündür. Bu dəyişiklik yalnız endoskopiya və təkrar, çoxsaylı biopsiyalar nəticəsində aşkar oluna bilər.
Bu diaqnoz xəstənin ciddi endoskopik nəzarətə götürülməsini tələb edir. Əgər dərman müalicəsi ilə bu vəziyyət geriləməzsə, endoskopik və cərrahi müalicə tələb oluna bilər.
Bu suala keçidQida borusu əməliyyatından sonra yeməyə nə vaxt və necə qayıtmaq olar?
Qida borusu əməliyyatından sonra yeməyə qayıdışın tərzi və vaxtı keçirilən əməliyyatdan və xəstənin əməliyyatdan sonrakı vəziyyətindən asılıdır. Bir müddət yeməklər yumşaq və sulu olmalı, tez-tez və az miqdarda qəbul edilməlidir.
Bu suala keçidReflüks və hiatal yırtıq
Reflüks əməliyyatı olanlar sonra necə yaşayır? Əməliyyat etdirmək, yoxsa reflükslə yaşamaq daha yaxşıdır?
Əgər reflüksə görə əməliyyata göstəriş düzgün qoyulubsa və xəstə düzgün seçilibsə, əksər hallarda bu əməliyyatdan sonra xəstə normal həyatına qayıdır və əvvəlki şikayətləri aradan qalxır.
Əməliyyat olunmaq, yoxsa reflükslə yaşamaq sualının cavabı xəstənin yaşından, reflüksün şiddətindən, dərman müalicəsinin effektivliyindən və reflüksün qida borusunda yaratdığı zədələnmədən asılıdır. Bu qərarı qastroenteroloq və cərrah birlikdə verir.
Bu suala keçidHiatal yırtıq əməliyyatından (Nissen) sonra idmana nə vaxt qayıtmaq olar?
Əgər Nissen əməliyyatı laparoskopik icra olunubsa, çox ağır yük qaldırmamaq şərti ilə idman hərəkətlərinə qısa müddətdə, 2-4 həftə sonra başlamaq mümkündür. Bura piyada gəzinti, velosiped, üzgüçülük və travma təhlükəsi daşımayan, ağır yük qaldırmağı nəzərdə tutmayan digər idman fəaliyyətləri daxildir.
Bu suala keçidHiatal yırtıq əməliyyatdan sonra yenidən əmələ gəlibsə, təkrar əməliyyat lazımdırmı?
Əgər əməliyyatdan sonra hiatal yırtıq təkrar əmələ gəlibsə, xəstədə bununla bağlı reflüks şikayətləri təkrarlanırsa, qida borusunun zədələnməsi ezofagit şəklində müşahidə olunursa və dərman müalicəsi ilə istənilən nəticə əldə olunmursa, təkrar əməliyyat lazım ola bilər.
Bu suala keçidQasıq və göbək yırtığı
Qasıq yırtığı əməliyyatsız keçə bilərmi?
Qasıq yırtığı ölçüsündən, müddətindən və xəstənin yaşından asılı olmayaraq əməliyyat olunmalıdır. Çünki qasıq yırtığı əməliyyatsız keçə bilməz. Zamanla onun ölçüsü mütləq böyüyür və o, yırtıqla bağlı ağırlaşma riskləri daşıyır.
Bu suala keçidGöbək yırtığı ağrı vermirsə, gözləmək olarmı? Əməliyyatdan sonra iz qalırmı?
Göbək yırtığı digər yırtıqlardan fərqli olaraq boğulma riskinə görə ən təhlükəlisi hesab olunur. Bu səbəbdən göbək yırtığı şikayət verməsə belə, planlı şəkildə əməliyyat olunmalı və ləğv edilməlidir.
Əməliyyatdan sonra zamanla tamamilə yox olan incə bir iz qalır. Xüsusilə laparoskopik əməliyyatlarda bu iz bədənin görünən yerində olmur.
Bu suala keçidGöbək yırtığına tor qoyulandan sonra drenaj qoyulurmu, qoyulursa nə qədər qalır?
Əgər göbək yırtığı əməliyyatı laparoskopik üsulla icra olunursa, ümumiyyətlə drenaja ehtiyac olmur, drenaj qoyulmur. Xəstələr bir gün xəstəxanada qaldıqdan sonra evə göndərilir və normal həyata qayıdır.
Əgər açıq əməliyyat olunubsa, qoyulan drenajın nə qədər qalacağı yırtığın ölçüsündən, qarın ön divarında yağ təbəqəsinin qalınlığından və qoyulan torun ölçüsündən asılıdır. Bu qərarı əməliyyat edən cərrah fərdi olaraq verir. Adətən bu müddət 2-3 gündən 7-10 günə qədər dəyişə bilir. İstisna hallarda bu müddət daha uzun ola bilər.
Bu suala keçidYırtığa tor qoyulandan sonra ağrı niyə olur və bu normaldırmı?
Yırtıq əməliyyatından sonra əksər hallarda tor qoyulur. Bu əməliyyatdan sonra ağrının olması hər zaman torla bağlı deyil. Xüsusilə əməliyyat açıq olunubsa, yırtığın lokalizasiyasından asılı olaraq ağrı ola bilir.
Əməliyyatdan sonra ən az ağrı laparoskopik üsullarda olur, çünki torun fiksasiya üsulu açıq əməliyyatdan fərqlidir və zamanla sorulan bərkidicilərlə (takerlərlə) icra olunur.
Bu suala keçidQapalı üsulla qasıq yırtığı əməliyyatından 5 gün sonra yırtıq yerində hematoma (qan yığılması) əmələ gəldi. Bu özü keçir, yoxsa yenidən müdaxilə lazım olur?
Qapalı üsulla edilən qasıq yırtığı əməliyyatından sonra yırtıq yerində maye və hematoma yığıla bilər. Əksər hallarda bu, əlavə müdaxiləyə ehtiyac olmadan öz-özünə sorulur.
Bu suala keçidHamiləliyin 18-ci həftəsindəyəm, qasığımda ceviz boyda yırtıq var. Doğuşa qədər nə etmək lazımdır, körpəyə zərəri olarmı?
Qasıqdakı şişkinliyin yırtıq olduğu cərrah müayinəsində təsdiqlənərsə və heç bir ağrı şikayəti yoxdursa, ginekoloqla da məsləhətləşərək əməliyyatı doğuşdan sonraya planlamaq olar. Bu, uşağa və hamiləlik dövrünə heç bir zərər yetirməz.
Bu suala keçidQasığımda ağrısız yırtıq var və hamilə qalmağı planlayıram. Hamiləlikdən əvvəl əməliyyat olmaq lazımdırmı?
Cərrah müayinəsində diaqnoz qoyulubsa, yəni qasıq yırtığı olduğu təsdiqlənibsə, onu hamiləlikdən əvvəl laparoskopik üsulla aradan qaldırmaq daha əlverişlidir. Bu, sonrakı hamiləlik üçün heç bir problem yaratmaz.
Bu suala keçidQasıqda kəsik yerində təkrar yırtıq yaranıb və hamilə qalmaq istəyirəm. Əvvəl əməliyyat etdirim, yoxsa hamiləlikdən sonra gözləyim?
Əvvəlki əməliyyat yerində təkrar yırtıq əmələ gəlibsə, xüsusilə də əvvəlki əməliyyat açıq üsulla edilibsə, təkrar əməliyyata ehtiyac var. Bu əməliyyatın laparoskopik üsulla edilməsi vacibdir və onu planlanan hamiləlikdən əvvəl etmək məqsədəuyğundur.
Bu suala keçidQasıq yırtığım 6 aydır var, ağrı vermir. Gənc yaşda əməliyyatı təxirə salmaq olarmı?
Heç bir şikayət verməyən qasıq yırtığı da əməliyyata göstərişdir. Lakin bu əməliyyat təcili deyil, planlı şəkildə edilməlidir və onun təxirə salınması problem yaratmaz.
Bu suala keçidAtam 74 yaşındadır, ürəyində stend və yüksək təzyiqi var. Qasıq yırtığı əməliyyatı onun üçün risklidirmi, əməliyyatsız yol varmı?
Qasıq yırtığının cərrahi müalicədən başqa müalicə üsulu yoxdur. Yaşdan asılı olmayaraq, yırtıq əməliyyat yolu ilə aradan qaldırılmalıdır.
Xüsusilə yaşlı insanlarda və əlavə xəstəliyi olan pasiyentlərdə minimal invaziv, yəni laparoskopik üsul daha əlverişlidir. Ürəyində stent olan xəstələrdə yırtıq planlı şəkildə, ürəkdəki problemlər nəzərə alınmaqla, ağırlaşma olmadan və təhlükəsiz şəkildə laparoskopik üsulla aradan qaldırıla bilər.
Bu suala keçidQasıq yırtığı əməliyyatından 9 ay sonra xayalıq soyuq qalıb. Bu nədən olur?
Qasıq yırtığı əməliyyatından sonra belə bir şikayətin olması, çox güman ki, əməliyyatla bağlı deyil. Bunun araşdırılması üçün uroloqa müraciət etmək məqsədəuyğundur.
Bu suala keçidİdmançı yırtığı əməliyyatından sonra ağrım keçmir. Ağrının keçməməsi mümkündürmü, bunun başqa səbəbi ola bilərmi?
Yırtıq əməliyyatından sonra, xüsusilə açıq üsulla edilmiş əməliyyatlardan sonra, xroniki qasıq ağrısı əməliyyatda istifadə olunan tikiş materialları və qoyulan torla bağlı ola bilər. Ağrının ikinci ən çox rast gəlinən səbəbi yırtığın təkrar əmələ gəlməsi ola bilər. Bunu aydınlaşdırmaq üçün cərrah müayinəsi mütləqdir.
Bu suala keçidAğır iş görürəm və iki tərəfli qasıq yırtığım var, krampları artıb. Əməliyyat necə edilir və ondan sonra normal həyata tez qayıtmaq olarmı?
Qasıq yırtığı, xüsusilə şikayət verən yırtıq, qısa müddətdə əməliyyat olunmalıdır. İki tərəfli qasıq yırtığında xüsusilə laparoskopik üsul göstərişdir. Eyni dəliklərdən hər iki tərəfdə yırtığın təmiri və torla gücləndirilməsi mümkündür.
Bu əməliyyatdan sonra xəstə qısa müddətdə normal həyat tərzinə qayıda bilir. Bu da laparoskopik üsulun üstünlüklərindən biridir.
Bu suala keçidSol qasığımda 3 ildir enməyən şişlik var, ultrasəs müayinəsində limfa düyünləri yazılıb. Bu yırtıq ola bilər, yoxsa başqa şey?
Qasıq yırtığı ilə səhv salına bilən hallardan biri qasıq limfa düyününün böyüməsidir. Bunları bir-birindən ayırmaq üçün cərrah müayinəsi, ehtiyac olarsa əlavə müayinələr, yəni ultrasəs və ya tomoqrafiya lazım ola bilər. Müalicə planı bunların nəticəsinə görə qurulmalıdır.
Bu suala keçidQasıq yırtığı çox yağ olduğuna görə tor qoyulmadan öz toxumamla tikilib. Təkrarlanma ehtimalı nə qədərdir?
Xəstənin artıq çəkili olması və yağ toxumasının çox olması nə laparoskopik üsula əks göstərişdir, nə də torun istifadə edilməməsi üçün səbəbdir. Müasir yırtıq cərrahiyyəsində, istisnalar çıxılmaqla, tor istifadəsi mütləqdir.
Yetkin insanda qasıq yırtığı əməliyyatı tor istifadə olunmadan edilibsə, təkrarlanma riski yüksək hesab olunur. Belə xəstə ağır fiziki iş görərsə və ya ağır yüklə idman edərsə, bu risk daha da artır.
Bu suala keçidİki tərəfli laparoskopik qasıq əməliyyatından 25 gün sonra qasıqda yanma, ayaqda keyimə və xayada həssaslıq var. Bu sinir zədələnməsi ola bilərmi?
Qasıq yırtığı əməliyyatı laparoskopik üsulla və qaydasına uyğun edilibsə, sinirin və ya ətraf toxumaların zədələnmə riski çox aşağıdır. Amma bunu istisna etmək üçün cərrah müayinəsi mütləqdir.
Bu suala keçidÖd kisəsi
Öd kisəsindəki daşı dərmanla əritmək olarmı? Cərrah əməliyyat, terapevt gözləmək deyirsə, kimə inanmalı?
Sübuta əsaslanan tibbin son məlumatlarına görə öd kisəsindəki daşın dərmanla əridilməsi protokolu mövcud deyil, hətta bu təhlükəli hesab olunur.
Əməliyyat etmək, yoxsa gözləmək qərarı xəstənin yaşından, daşın ölçüsündən və daşların sayından asılıdır. Çox nadir hallarda öd daşı xəstəliyi diaqnozu qoyulan xəstəni əməliyyat etməmək qərarı verilir. Bu, əsasən çox yaşlı xəstələrə və əməliyyata əks göstərişi olan xəstələrə aiddir. Digər hallarda, yəni əksər hallarda əməliyyata göstəriş var.
Şikayəti olmasa belə xəstəyə bu əməliyyatın təklif edilməsinin səbəbi öd daşı xəstəliyinə, öd kisəsindəki daşlara görə baş verə biləcək, həyatı təhlükə altına ala biləcək ağırlaşma riskləridir.
Bu suala keçidÖd kisəsi daşı və köhnə əməliyyatdan qalan yırtıq eyni əməliyyatda həll oluna bilərmi?
Bəli, öd daşı xəstəliyinə görə laparoskopik əməliyyat olunarsa, eyni zamanda yırtığın ləğvi də mümkündür. Lakin əvvəlki əməliyyat açıq üsulla icra olunubsa, ikinci əməliyyatın laparoskopik icrası müəyyən texniki çətinliklər yarada bilər. Bu əməliyyatın laparoskopik üsulla xüsusi təcrübəsi olan mərkəzlər və cərrahlar tərəfindən icra olunması tövsiyə edilir.
Bu suala keçidÖd kisəsi götürüləndən sonra ishal nə vaxt keçir?
Öd kisəsi götürüldükdən sonra çox nadir hallarda ishal müşahidə olunur. Bu, orqanizmin adaptasiya dövründə baş verir və adətən 3-4 həftə davam edə bilər. Bunun baş verməməsi və uzun sürməməsi üçün öd kisəsi əməliyyatı olunan xəstələrə xüsusi pəhriz təyin olunur.
Bu suala keçidUşaq əmizdirirəm. Öd kisəsi əməliyyatından və narkozdan sonra nə vaxt əmizdirmək olar?
Müasir narkoz vasitələri və minimal invaziv əməliyyat imkanları bizə şərait yaradır ki, öd kisəsi əməliyyatından cəmi bir neçə saat sonra uşağın əmizdirilməsi normal qaydada davam etdirilsin.
Bu suala keçidBöyrəküstü vəzi
MRT-də böyrəküstü vəzidə şiş tapılıb. Əvvəlcə hansı həkimə getmək lazımdır?
MRT və ya KT müayinəsində böyrəküstü vəzidə törəmə aşkar olunubsa, bu, adrenal insidentaloma adlanır. İlk növbədə endokrinoloq müayinəsi olmalıdır. Endokrinoloq müayinəsindən sonra əməliyyata ehtiyacın olub-olmaması barədə endokrinoloq və cərrah birlikdə qərar verir.
Bu əməliyyatlar da minimal invaziv, laparoskopik üsulla icra olunur.
Bu suala keçidTəsadüfən tapılmış böyrəküstü vəzi törəməsinin sıxlığı dəyişirsə, narahat olmaq lazımdırmı?
Təsadüfən aşkar olunan böyrəküstü vəzi törəməsinin təhlükəli olub-olmaması onun ölçüsündən, tomoqrafik görüntüsündən və hormonal aktivliyindən asılıdır. Bu barədə qərarı endokrinoloq, cərrah və radioloq birlikdə verir.
Bu suala keçidPeritona yayılan xərçəng (HİPEC)
HİPEC müalicəsi necə keçir, pasiyent nələr yaşayır?
HİPEC, yəni isidilmiş kimyaterapiya preparatları ilə qarın boşluğunun müalicəsi cərrahi yolla icra olunur. Bu müalicəyə qərar tək cərrahın iştirakı ilə deyil, multidissiplinar komandanın, yəni kimyaterapevtin (medikal onkoloqun), HİPEC təcrübəsi olan cərrahın, histoloqun və radioloqun ortaq müzakirəsi ilə verilir.
Bu, yüksək riskli, ağırlaşma faizi yüksək olan müalicə üsuludur. Hər onkoloji xəstəyə uyğun deyil.
Bu suala keçidHİPEC əməliyyatını harada etdirmək daha doğrudur, xəstəxana seçəndə nəyə baxmaq lazımdır?
HİPEC əməliyyatı üçün mərkəz seçərkən ilk növbədə həmin mərkəzdəki onkoloji xidmətə və onkoloji xəstələrin müalicəsindəki təcrübəyə baxmaq lazımdır. Həmin mərkəzdə multidissiplinar onkoloji konsiliumun olub-olmamasını da nəzərə almaq lazımdır.
Bu mərkəzlərdə bütün xidmətlərin, həm reanimasiyanın, həm də digər ixtisas həkimlərinin olması mütləqdir. Bu əməliyyatdan sonra baş verə biləcək ağırlaşmaları idarə edə biləcək gücdə mərkəz seçilməlidir.
Bu suala keçidLaparoskopik əməliyyatdan sonra
Laparoskopik əməliyyatdan sonra ağır iş görməyə, yük qaldırmağa nə vaxt qayıtmaq olar?
Laparoskopik əməliyyatlardan sonra, açıq əməliyyatlardan fərqli olaraq, normal həyata və ağır yük nəzərdə tutmayan idman fəaliyyətlərinə daha qısa müddətdə, 3-4 həftə ərzində qayıtmaq mümkündür. Lakin ağır yük qaldırmaqla bağlı iş fəaliyyəti və idman hərəkətləri 4-6 aydan sonra, tədricən tövsiyə olunur.
Bu suala keçidLaparoskopiyadan sonra tikiş yerində və ya göbəkdə şişkinlik yaranıb. Bu yırtıqdır, yoxsa başqa şey?
Laparoskopik əməliyyatlardan sonra tikiş yerində yırtığın əmələ gəlməsi çox nadir görülür. Adətən 10 mm-lik kamera istifadə olunduqda görülə bilər. Bunu müəyyən etmək üçün cərrah müayinəsi mütləqdir, ehtiyac olarsa əlavə müayinə üsulları, yəni ultrasəs və tomoqrafiya lazım ola bilər.
Bu suala keçid