Dr. İlqar İsmayılov

Həkimə verilən suallar

Reflüks və hiatal yırtıq

Reflüks əməliyyatı olanlar sonra necə yaşayır? Əməliyyat etdirmək, yoxsa reflükslə yaşamaq daha yaxşıdır?

Əgər reflüksə görə əməliyyata göstəriş düzgün qoyulubsa və xəstə düzgün seçilibsə, əksər hallarda bu əməliyyatdan sonra xəstə normal həyatına qayıdır və əvvəlki şikayətləri aradan qalxır.

Əməliyyat olunmaq, yoxsa reflükslə yaşamaq sualının cavabı xəstənin yaşından, reflüksün şiddətindən, dərman müalicəsinin effektivliyindən və reflüksün qida borusunda yaratdığı zədələnmədən asılıdır. Bu qərarı qastroenteroloq və cərrah birlikdə verir.

Bu suala keçid
Hiatal yırtıq əməliyyatından (Nissen) sonra idmana nə vaxt qayıtmaq olar?

Əgər Nissen əməliyyatı laparoskopik icra olunubsa, çox ağır yük qaldırmamaq şərti ilə idman hərəkətlərinə qısa müddətdə, 2-4 həftə sonra başlamaq mümkündür. Bura piyada gəzinti, velosiped, üzgüçülük və travma təhlükəsi daşımayan, ağır yük qaldırmağı nəzərdə tutmayan digər idman fəaliyyətləri daxildir.

Bu suala keçid
Hiatal yırtıq əməliyyatdan sonra yenidən əmələ gəlibsə, təkrar əməliyyat lazımdırmı?

Əgər əməliyyatdan sonra hiatal yırtıq təkrar əmələ gəlibsə, xəstədə bununla bağlı reflüks şikayətləri təkrarlanırsa, qida borusunun zədələnməsi ezofagit şəklində müşahidə olunursa və dərman müalicəsi ilə istənilən nəticə əldə olunmursa, təkrar əməliyyat lazım ola bilər.

Bu suala keçid