Dr. İlqar İsmayılov

Həkimə verilən suallar

Öd kisəsi

Öd kisəsindəki daşı dərmanla əritmək olarmı? Cərrah əməliyyat, terapevt gözləmək deyirsə, kimə inanmalı?

Sübuta əsaslanan tibbin son məlumatlarına görə öd kisəsindəki daşın dərmanla əridilməsi protokolu mövcud deyil, hətta bu təhlükəli hesab olunur.

Əməliyyat etmək, yoxsa gözləmək qərarı xəstənin yaşından, daşın ölçüsündən və daşların sayından asılıdır. Çox nadir hallarda öd daşı xəstəliyi diaqnozu qoyulan xəstəni əməliyyat etməmək qərarı verilir. Bu, əsasən çox yaşlı xəstələrə və əməliyyata əks göstərişi olan xəstələrə aiddir. Digər hallarda, yəni əksər hallarda əməliyyata göstəriş var.

Şikayəti olmasa belə xəstəyə bu əməliyyatın təklif edilməsinin səbəbi öd daşı xəstəliyinə, öd kisəsindəki daşlara görə baş verə biləcək, həyatı təhlükə altına ala biləcək ağırlaşma riskləridir.

Bu suala keçid
Öd kisəsi daşı və köhnə əməliyyatdan qalan yırtıq eyni əməliyyatda həll oluna bilərmi?

Bəli, öd daşı xəstəliyinə görə laparoskopik əməliyyat olunarsa, eyni zamanda yırtığın ləğvi də mümkündür. Lakin əvvəlki əməliyyat açıq üsulla icra olunubsa, ikinci əməliyyatın laparoskopik icrası müəyyən texniki çətinliklər yarada bilər. Bu əməliyyatın laparoskopik üsulla xüsusi təcrübəsi olan mərkəzlər və cərrahlar tərəfindən icra olunması tövsiyə edilir.

Bu suala keçid
Öd kisəsi götürüləndən sonra ishal nə vaxt keçir?

Öd kisəsi götürüldükdən sonra çox nadir hallarda ishal müşahidə olunur. Bu, orqanizmin adaptasiya dövründə baş verir və adətən 3-4 həftə davam edə bilər. Bunun baş verməməsi və uzun sürməməsi üçün öd kisəsi əməliyyatı olunan xəstələrə xüsusi pəhriz təyin olunur.

Bu suala keçid
Uşaq əmizdirirəm. Öd kisəsi əməliyyatından və narkozdan sonra nə vaxt əmizdirmək olar?

Müasir narkoz vasitələri və minimal invaziv əməliyyat imkanları bizə şərait yaradır ki, öd kisəsi əməliyyatından cəmi bir neçə saat sonra uşağın əmizdirilməsi normal qaydada davam etdirilsin.

Bu suala keçid