Dr. İlqar İsmayılov

Həkimə verilən suallar

Qasıq və göbək yırtığı

Qasıq yırtığı əməliyyatsız keçə bilərmi?

Qasıq yırtığı ölçüsündən, müddətindən və xəstənin yaşından asılı olmayaraq əməliyyat olunmalıdır. Çünki qasıq yırtığı əməliyyatsız keçə bilməz. Zamanla onun ölçüsü mütləq böyüyür və o, yırtıqla bağlı ağırlaşma riskləri daşıyır.

Bu suala keçid
Göbək yırtığı ağrı vermirsə, gözləmək olarmı? Əməliyyatdan sonra iz qalırmı?

Göbək yırtığı digər yırtıqlardan fərqli olaraq boğulma riskinə görə ən təhlükəlisi hesab olunur. Bu səbəbdən göbək yırtığı şikayət verməsə belə, planlı şəkildə əməliyyat olunmalı və ləğv edilməlidir.

Əməliyyatdan sonra zamanla tamamilə yox olan incə bir iz qalır. Xüsusilə laparoskopik əməliyyatlarda bu iz bədənin görünən yerində olmur.

Bu suala keçid
Göbək yırtığına tor qoyulandan sonra drenaj qoyulurmu, qoyulursa nə qədər qalır?

Əgər göbək yırtığı əməliyyatı laparoskopik üsulla icra olunursa, ümumiyyətlə drenaja ehtiyac olmur, drenaj qoyulmur. Xəstələr bir gün xəstəxanada qaldıqdan sonra evə göndərilir və normal həyata qayıdır.

Əgər açıq əməliyyat olunubsa, qoyulan drenajın nə qədər qalacağı yırtığın ölçüsündən, qarın ön divarında yağ təbəqəsinin qalınlığından və qoyulan torun ölçüsündən asılıdır. Bu qərarı əməliyyat edən cərrah fərdi olaraq verir. Adətən bu müddət 2-3 gündən 7-10 günə qədər dəyişə bilir. İstisna hallarda bu müddət daha uzun ola bilər.

Bu suala keçid
Yırtığa tor qoyulandan sonra ağrı niyə olur və bu normaldırmı?

Yırtıq əməliyyatından sonra əksər hallarda tor qoyulur. Bu əməliyyatdan sonra ağrının olması hər zaman torla bağlı deyil. Xüsusilə əməliyyat açıq olunubsa, yırtığın lokalizasiyasından asılı olaraq ağrı ola bilir.

Əməliyyatdan sonra ən az ağrı laparoskopik üsullarda olur, çünki torun fiksasiya üsulu açıq əməliyyatdan fərqlidir və zamanla sorulan bərkidicilərlə (takerlərlə) icra olunur.

Bu suala keçid
Qapalı üsulla qasıq yırtığı əməliyyatından 5 gün sonra yırtıq yerində hematoma (qan yığılması) əmələ gəldi. Bu özü keçir, yoxsa yenidən müdaxilə lazım olur?

Qapalı üsulla edilən qasıq yırtığı əməliyyatından sonra yırtıq yerində maye və hematoma yığıla bilər. Əksər hallarda bu, əlavə müdaxiləyə ehtiyac olmadan öz-özünə sorulur.

Bu suala keçid
Hamiləliyin 18-ci həftəsindəyəm, qasığımda ceviz boyda yırtıq var. Doğuşa qədər nə etmək lazımdır, körpəyə zərəri olarmı?

Qasıqdakı şişkinliyin yırtıq olduğu cərrah müayinəsində təsdiqlənərsə və heç bir ağrı şikayəti yoxdursa, ginekoloqla da məsləhətləşərək əməliyyatı doğuşdan sonraya planlamaq olar. Bu, uşağa və hamiləlik dövrünə heç bir zərər yetirməz.

Bu suala keçid
Qasığımda ağrısız yırtıq var və hamilə qalmağı planlayıram. Hamiləlikdən əvvəl əməliyyat olmaq lazımdırmı?

Cərrah müayinəsində diaqnoz qoyulubsa, yəni qasıq yırtığı olduğu təsdiqlənibsə, onu hamiləlikdən əvvəl laparoskopik üsulla aradan qaldırmaq daha əlverişlidir. Bu, sonrakı hamiləlik üçün heç bir problem yaratmaz.

Bu suala keçid
Qasıqda kəsik yerində təkrar yırtıq yaranıb və hamilə qalmaq istəyirəm. Əvvəl əməliyyat etdirim, yoxsa hamiləlikdən sonra gözləyim?

Əvvəlki əməliyyat yerində təkrar yırtıq əmələ gəlibsə, xüsusilə də əvvəlki əməliyyat açıq üsulla edilibsə, təkrar əməliyyata ehtiyac var. Bu əməliyyatın laparoskopik üsulla edilməsi vacibdir və onu planlanan hamiləlikdən əvvəl etmək məqsədəuyğundur.

Bu suala keçid
Qasıq yırtığım 6 aydır var, ağrı vermir. Gənc yaşda əməliyyatı təxirə salmaq olarmı?

Heç bir şikayət verməyən qasıq yırtığı da əməliyyata göstərişdir. Lakin bu əməliyyat təcili deyil, planlı şəkildə edilməlidir və onun təxirə salınması problem yaratmaz.

Bu suala keçid
Atam 74 yaşındadır, ürəyində stend və yüksək təzyiqi var. Qasıq yırtığı əməliyyatı onun üçün risklidirmi, əməliyyatsız yol varmı?

Qasıq yırtığının cərrahi müalicədən başqa müalicə üsulu yoxdur. Yaşdan asılı olmayaraq, yırtıq əməliyyat yolu ilə aradan qaldırılmalıdır.

Xüsusilə yaşlı insanlarda və əlavə xəstəliyi olan pasiyentlərdə minimal invaziv, yəni laparoskopik üsul daha əlverişlidir. Ürəyində stent olan xəstələrdə yırtıq planlı şəkildə, ürəkdəki problemlər nəzərə alınmaqla, ağırlaşma olmadan və təhlükəsiz şəkildə laparoskopik üsulla aradan qaldırıla bilər.

Bu suala keçid
Qasıq yırtığı əməliyyatından 9 ay sonra xayalıq soyuq qalıb. Bu nədən olur?

Qasıq yırtığı əməliyyatından sonra belə bir şikayətin olması, çox güman ki, əməliyyatla bağlı deyil. Bunun araşdırılması üçün uroloqa müraciət etmək məqsədəuyğundur.

Bu suala keçid
İdmançı yırtığı əməliyyatından sonra ağrım keçmir. Ağrının keçməməsi mümkündürmü, bunun başqa səbəbi ola bilərmi?

Yırtıq əməliyyatından sonra, xüsusilə açıq üsulla edilmiş əməliyyatlardan sonra, xroniki qasıq ağrısı əməliyyatda istifadə olunan tikiş materialları və qoyulan torla bağlı ola bilər. Ağrının ikinci ən çox rast gəlinən səbəbi yırtığın təkrar əmələ gəlməsi ola bilər. Bunu aydınlaşdırmaq üçün cərrah müayinəsi mütləqdir.

Bu suala keçid
Ağır iş görürəm və iki tərəfli qasıq yırtığım var, krampları artıb. Əməliyyat necə edilir və ondan sonra normal həyata tez qayıtmaq olarmı?

Qasıq yırtığı, xüsusilə şikayət verən yırtıq, qısa müddətdə əməliyyat olunmalıdır. İki tərəfli qasıq yırtığında xüsusilə laparoskopik üsul göstərişdir. Eyni dəliklərdən hər iki tərəfdə yırtığın təmiri və torla gücləndirilməsi mümkündür.

Bu əməliyyatdan sonra xəstə qısa müddətdə normal həyat tərzinə qayıda bilir. Bu da laparoskopik üsulun üstünlüklərindən biridir.

Bu suala keçid
Sol qasığımda 3 ildir enməyən şişlik var, ultrasəs müayinəsində limfa düyünləri yazılıb. Bu yırtıq ola bilər, yoxsa başqa şey?

Qasıq yırtığı ilə səhv salına bilən hallardan biri qasıq limfa düyününün böyüməsidir. Bunları bir-birindən ayırmaq üçün cərrah müayinəsi, ehtiyac olarsa əlavə müayinələr, yəni ultrasəs və ya tomoqrafiya lazım ola bilər. Müalicə planı bunların nəticəsinə görə qurulmalıdır.

Bu suala keçid
Qasıq yırtığı çox yağ olduğuna görə tor qoyulmadan öz toxumamla tikilib. Təkrarlanma ehtimalı nə qədərdir?

Xəstənin artıq çəkili olması və yağ toxumasının çox olması nə laparoskopik üsula əks göstərişdir, nə də torun istifadə edilməməsi üçün səbəbdir. Müasir yırtıq cərrahiyyəsində, istisnalar çıxılmaqla, tor istifadəsi mütləqdir.

Yetkin insanda qasıq yırtığı əməliyyatı tor istifadə olunmadan edilibsə, təkrarlanma riski yüksək hesab olunur. Belə xəstə ağır fiziki iş görərsə və ya ağır yüklə idman edərsə, bu risk daha da artır.

Bu suala keçid
İki tərəfli laparoskopik qasıq əməliyyatından 25 gün sonra qasıqda yanma, ayaqda keyimə və xayada həssaslıq var. Bu sinir zədələnməsi ola bilərmi?

Qasıq yırtığı əməliyyatı laparoskopik üsulla və qaydasına uyğun edilibsə, sinirin və ya ətraf toxumaların zədələnmə riski çox aşağıdır. Amma bunu istisna etmək üçün cərrah müayinəsi mütləqdir.

Bu suala keçid