Dr. İlqar İsmayılov

Həkimə verilən suallar

Düz bağırsaq xərçəngi və stoma

Düz bağırsaq şişi anusa yaxındırsa (məsələn, 8 sm), hansı əməliyyat növləri mümkündür?

Əgər düz bağırsaqda aşkar olunan törəmə anusda yerləşən sfinkter aparatını zədələməyibsə, stoma çıxarmadan düz bağırsağı şişlə birlikdə xaric etmək mümkündür. O cümlədən 8-ci santimetrdə yerləşən şiş üçün stomaya ehtiyac yoxdur.

Bu hallarda laparoskopik, robotik və ya transanal TaTME adlandırılan müasir üsullarla şişi tam radikal götürmək və stoma çıxarmamaq mümkündür.

Bu suala keçid
Düz bağırsaq əməliyyatından sonra kimyaterapiya alarkən nəyi yemək olmaz?

Düz bağırsaq əməliyyatından sonra kimyaterapiya alınan müddətdə tətbiq olunan pəhriz xəstənin əməliyyatdan sonrakı vəziyyətindən və bağırsağın əməliyyatdan sonrakı funksiyasından asılıdır. Düz bağırsaq əməliyyatlarından sonra ishal və defekasiya funksiyasının pozulması tez-tez görülür, kimyaterapiya da bu şikayətləri artıra bilər.

Bu səbəbdən qıcıqlandırıcı ədviyyatdan uzaq durmaq məsləhət görülür. Eyni zamanda şəkər və karbohidrat tərkibli qidalardan uzaq durmaq lazımdır. Daha çox zülala və tez həzm olunan yeməklərə üstünlük verilir.

Bu suala keçid
Şüa müalicəsindən sonra şiş görünmürsə, yenə də əməliyyat lazımdırmı, yoxsa nəzarət kifayətdir?

Düz bağırsaq xərçənglərində müəyyən yerləşim və mərhələdə əməliyyatdan öncə şüa müalicəsi və kimyaterapiya tətbiq olunur. Bu müalicədən sonra bəzi hallarda, təxminən 20-25% hallarda, şiş tamamilə itə bilir. Bu hallarda ən müasir yanaşma xəstəni əməliyyat etmədən izləmək, nəzarətdə saxlamaqdır.

Lakin bu qərarı vermək üçün çox ciddi və dərinləşdirilmiş müayinələrə ehtiyac var. Bu qərar tək bir həkim tərəfindən deyil, multidissiplinar, yəni bir neçə müxtəlif ixtisaslı həkimin ortaq qərarı ilə verilir. Belə yanaşma dünyada ən müasir protokoldur. Bu seçilmiş xəstələri əməliyyat etmədən nəzarətdə saxlamaq mümkündür.

Bu suala keçid
İleostoma varkən anusdan az miqdarda nəcis gəlməsi normaldırmı?

Bəli, ileostoma çıxarılan xəstələrdə təbii yoldan, yəni anusdan vaxtaşırı müəyyən ifrazatın gəlməsi normal qəbul edilir. İleostoma olan xəstələrdə nəcis yoğun bağırsaqdan keçməsə də, yoğun bağırsağın özünün ifraz etdiyi selik və qalıq ifrazat xaric ola bilir. Bu, normal haldır.

Bu suala keçid
Stomanın ətrafında dəri qızarıb, iltihablanıb. Nə etmək lazımdır?

Stomanın ətrafında dərinin az miqdarda qızarması və iltihablanması tez-tez görülən problemdir. Lakin qızaran sahə genişlənir və artırsa, mütləq həkimə müraciət olunmalı və tədbir görülməlidir. Bu hallarda xəstənin problemi müstəqil həll etməsi çətin olar.

Bu suala keçid
İleostoma bağlanandan sonra bağırsağın işi necə bərpa olunur?

İlk növbədə ileostomanın bağlanması, yəni ləğv olunması əməliyyatından əvvəl yoğun bağırsaq mütləq yoxlanılmalıdır. Bu əməliyyatdan sonra bağırsaq funksiyasının bərpası ileostoma ilə keçirilən müddətdən asılıdır. Bu müddət nə qədər qısa olarsa, yoğun bağırsağın funksiyası bir o qədər qısa müddətdə bərpa olunar.

Bu əməliyyatdan sonra bir müddət xəstələrdə ishal və natamam defekasiya hissi ola bilir. Bunun bərpası yoğun bağırsağın hansı hissəsinin xaric olunmasından asılıdır.

Bu suala keçid
Kolostomanı sonradan bağlamaq olurmu, bu əməliyyat necə keçir?

Kolostomanın bağlanıb-bağlanmaması kolostomanın çıxarılma səbəbindən asılıdır. Əgər anus və sfinkter aparatı qorunubsa və düz bağırsağın bir hissəsi mövcuddursa, texniki olaraq kolostomanın ləğvi mümkündür. Bu əməliyyatların da laparoskopik, minimal invaziv üsulla icra olunması mümkündür.

Bu suala keçid
Kolonoskopiyada düz bağırsağın 7-8 sm-də içini demək olar tam bağlayan yaralı kütlə görünüb. Biopsiya nəticəsi tam xoş çıxa bilərmi?

Düz bağırsağı dolduran bu ölçüdə yaranın xoşxassəli çıxma ehtimalı olsa da, bu ehtimal çox azdır. Bundan əlavə, endoskopik yolla alınan biopsiyanın cavabı xoşxassəli çıxsa belə, bu, törəmənin xoşxassəli olduğunu 100% təsdiq etmir.

Törəmə xoşxassəli olsa belə, onun əməliyyat yolu ilə çıxarılması mütləqdir. Onun xoşxassəli və ya bədxassəli olduğunu dəqiqləşdirmək üçün əlavə müayinələr təyin olunmalıdır.

Bu suala keçid
Atama təcili əməliyyat edilib, əməliyyat yarımçıq saxlanılıb və bağırsaq torbaya çıxarılıb. Bu normal prosesdir, əməliyyatın qalanı nə vaxt edilir?

Bu, diaqnozdan, yəni törəmənin xoşxassəli və ya bədxassəli olmasından asılıdır. Əgər belə hal bağırsağın bədxassəli törəməsinə görə baş veribsə, ikinci əməliyyat xəstəliyin mərhələsindən asılı olaraq planlaşdırılmalıdır. Əksər hallarda törəmə kimyaterapiya və ya şüa terapiyasından sonra əməliyyatla çıxarılmalıdır.

Bu suala keçid
80 yaşlı xəstəyə 6 ay kimyaterapiyadan sonra ileostomanın bağlanması lazımdır. Bu yaşda bu əməliyyat riskli deyilmi?

İleostomanın bağlanması yüksək riskli əməliyyat hesab olunmur. Əksinə, 80 yaşlı xəstənin ileostoma ilə yaşaması daha risklidir. İleostoma həyat üçün təhlükə yarada biləcək ağırlaşmalara səbəb ola bilər.

Bu suala keçid
Kolostoma bağlandıqdan sonra nəcisi saxlamaqda çətinlik olur. Bu yaxşılaşırmı?

Belə hallar adətən düz bağırsaq şişinə görə düz bağırsağın çıxarılmasından sonra baş verir. Kolostoma bağlandıqdan sonra düz bağırsağın defekasiya funksiyası pozula bilər, o cümlədən nəcisi saxlamaqda çətinlik ola bilər.

Bu şikayətlər zamanla yaxşılaşır. Bununla belə, defekasiya funksiyasının pozulması bu xəstələr üçün xarakterik əlamətdir.

Bu suala keçid
Kolostoma ilə qəbizlik olursa, səbəbi nə ola bilər və nə etmək lazımdır?

Kolostoması olan xəstədə qəbizlik baş verirsə, bunun səbəbi ya kolostomadakı daralma, ya da xəstənin qidalanmasındakı səhvlər ola bilər. Cərrah müayinəsində kolostomanın normal olduğu təsdiqlənərsə, qəbizliyi pəhrizlə aradan qaldırmaq olar.

Bu suala keçid
Düz bağırsaq xərçənginə görə kimyaterapiya alan atamın qan göstəriciləri düşdü (nötropeniya) və əməliyyat gecikir. Əməliyyatı nə qədər təxirə salmaq olar?

Düz bağırsaq xərçənginə görə əməliyyatdan əvvəl aparılan kimyaterapiya və şüa terapiyasından sonra əməliyyat üçün müddət həddi 8-10 həftədir, bəzi hallarda bu müddət 12 həftəyə qədər uzadıla bilər. Bu müddət ərzində xəstənin qan göstəricilərini dərmanlarla düzəltmək mümkündür.

Bu suala keçid
Düz bağırsaq xərçənginə görə şüa müalicəsi alınıb. Əməliyyat şüadan neçə həftə sonra edilir?

Düz bağırsaq xərçənginə görə əməliyyatdan əvvəl aparılan şüa müalicəsindən sonra xəstə 6 həftə sonra təkrar dəyərləndirilməlidir. Əməliyyata ehtiyac qalırsa, əməliyyat 8 ilə 10 həftə arasında planlaşdırılmalıdır.

Bu suala keçid
İleostoma bağlandıqdan sonra iki dəfə bağırsaq tıxanması ilə xəstəxanaya düşmüşəm. Bu təkrarlana bilərmi?

Qarın əməliyyatlarından, o cümlədən ileostomanın bağlanmasından sonra bitişmələrə bağlı bağırsaq keçməzliyi halları görülə bilər. Belə hallar əməliyyatsız, dərman müalicəsi ilə aradan qalxır, lakin təkrarlanma riski var. Əgər qısa müddətdə bir neçə dəfə təkrarlanarsa, bitişmələrə görə cərrahi müdaxiləyə göstəriş yarana bilər.

Bu suala keçid
Tualetə getmək istəyirəm, amma çətin edirəm, tam boşalmamaq hissi var və bir dəfə anusdan selik çıxdı. Bu düz bağırsaq xərçəngi əlaməti ola bilərmi, hansı müayinə lazımdır?

Belə şikayətlər yoğun bağırsağın, düz bağırsağın və çanaq dibi aparatının xəstəliklərinin əlaməti ola bilər. Eyni zamanda təhlükəli, bədxassəli xəstəliklərin də əlaməti ola bilər.

Buna görə defekasiya pozğunluğu əlamətləri olan xəstələr mütləq kolonoskopik müayinədən keçməli və heç bir təhlükəli halın olmadığı təsdiqlənməlidir.

Bu suala keçid